Səsin şəklini
çəkən xanəndə
İyunun 12-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə görkəmli xanəndə Zülfü Adıgözəlovun anadan olmasının 115 illiyinə həsr edilmiş yubiley gecəsi keçirildi. Mərasim Zülfü Adıgözəlovun ifasında xalq mahnısının lent yazısı ilə açıldı.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev görkəmli xanəndənin milli musiqi xəzinəmizə və muğam sənətinə verdiyi böyük töhfələrdən danışdı: “Bu gün hamımız 115 illik səddi aşıb müasir dövrümüzə qədər çatan Zülfü Adıgözəlov səsinin işığına yığışmışıq. Bu səsin sahibi Azərbaycan xalqının böyük sənətkarlarından biridir. Bir xalqın genetik yaddaşı daş kitabələrdə, tarix səhifələrində, kitabxanalarda nə qədər qorunub saxlanılırsa, bir o qədər də həmin xalqın musiqi mədəniyyətində qorunub nəsillərdən nəsillərə ötürülür. Xüsusilə muğam sənəti sahəsində. XX əsrdə Azərbaycanda muğam sənətinin formalaşmasında, bu gün təbliğ olunan formatda qəbul olunmasında Zülfü Adıgözəlovun da son dərəcə böyük xidmətləri olmuşdur. Xanəndənin yaşayıb-yaratdığı dövr Azərbaycan musiqi sənətinin çox parlaq, qüdrətli sənətkarlarla zəngin olan bir dövrünə təsadüf etmişdir. Görkəmli xanəndə nəinki onların içində sayılıb-seçilmiş, həmçinin özünün məktəbini yaratmışdır”.
Qeyd olundu ki, XIX əsrin sonları Azərbaycan ədəbiyyat tarixi üçün, XX əsrin əvvəlləri Azərbaycan publisistika və jurnalistikası üçün nə qədər zəngin bir dövr idisə, XX əsrin birinci yarısı da səs və muğam sənətimiz üçün çox müqtədir və qüdrətli sənətkarların formalaşmağa başladığı, tanındığı bir dövr idi: “Zülfü Adıgözəlov öz dəst-xətti ilə seçilən xanəndə olub. Əsl sənətkarlar bu sənəti çox böyük əziyyətlərlə yaşadıb millilikdən uzaqlaşmağa qoymayıblar və bu gün onların sayəsində biz muğamı bütün dünyada təbliğ və təqdim edə bilirik”.
Nazir müavini qeyd etdi ki, Zülfü Adıgözəlov nəslinin görkəmli davamçıları olan Vasif və Rauf Adıgözəlovlar da Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük rol oynayıblar. Hazırda Xalq artisti, məşhur dirijor Yalçın Adıgözəlov bu nəslin musiqi ənənələrini layiqincə davam etdirir.
Yubiley tədbirinin aparıcısı, Əməkdar incəsənət xadimi, Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev görkəmli xanəndənin ifaçılıq xüsusiyyətlərindən danışdı. Bildirdi ki, Zülfü Adıgözəlovun məharətlə ifa etdiyi muğam və xalq mahnıları Azərbaycan radiosunun qızıl fondunda qorunub saxlanılır. Onun lentə və qrammofon vallarına yazdırdığı “Rast”, “Mahur-hindi”, “Segah-Zabul”, “Bayatı-Şiraz”, “Humayun” muğam dəstgahları, bir sıra təsniflər, xalq mahnıları musiqi xəzinəmizin nadir inciləridir. “Səsin xalçaçılığı” deyilən nadir bir ifadənin məhz Zülfü Adıgözəlova çox yaraşdığını vurğulayan Hafiz Quliyev bildirdi ki, xanəndə heç vaxt eyni muğamda eyni qəzəlləri təkrarlamazdı. Onun muğamda etdiyi keçidlər bu gün də xanəndələrimiz tərəfindən öyrənilir. Çünki bu ifaya qulaq asanda hər dəfə yeni bir nüans tapmaq mümkündür.
Gecədə görkəmli sənətkarın oğlu, mərhum bəstəkar, Xalq artisti Vasif Adıgözəlovun atası ilə bağlı müsahibəsinin videoyazısı da təqdim edildi.
Tədbir Zülfü Adıgözəlov sənətinin davamçıları olan gənc xanəndələrin ifasında konsert proqramı ilə davam etdi. Xanəndənin yubileyi münasibətilə hazırlanmış albom-disk qonaqlara təqdim olundu.
Lalə Azəri
Mədəniyyət.- 2013.- 14 iyun.-
S. 5.